Tısbağa qınından çıxdı, qınını bəyənmədi...
Tısbağa qınından çıxdı, qınını bəyənmədi...
Heç başa düşmürəm də mən sizi…
“O nədi axı qollarına taxmısan? Elə bil ayaqqabı kəndirləridir.
Rəngbərəng nə sarımısan qoluna?
Hələ qulağındakına bax! “Kişi”sən eee sən, sırğa yaraşar heç sənə? Üzünü başını deşdirmisən. Sən canı deşdirəndə ağrıdır?
O nədir geyinmisən? Qara şalvarın, qara köynəyin yoxdu sənin?
Hələ saçlara bax! Sən canı onlarla istidən bişmirsən? Ayə səni zəiflədən o tükdü eeey!
Adımızı, sanımızı batırdın da sən!
Keçisaqqal! Hələ utanmaz - utanmaz da qırmızı rəngə boyadıb!
Ayıbdır atası da deyir oğlum var! Sənin dədən, nənən gör kimdi axı! Oxşadın oxşamışlarına! Səylərin, dəlilərin qırılsın!
Eşitmişəm ki, təzəlikcə “satan” olub getmisən…
Ay qadan alım özünə geri qayıt, dininə geri qayıt!
Allah “baba” nə tez yaddan çıxdı?
Sən deyildin ki, uşaq vaxtı deyirdin qonşunun qızı Gülçöhrədə gözün var?
Sonra dedilər ki, bəs qız bakirə deyilmiş…
Ooooy, ooy gözlərə, qulaqlara daşlar!
Adımıza niyə söz gətirirsən ki?..
Bax nə deyirəm, heç olmasa Fatmanın qızı Diləzbəri olsun. Anasına bax maaşallah!
Halal süd əmmiş qız alacam sənə!
Oğul indi də eşitmişəm ki, özünə oxşar bir qızla gəzirsən həə???
Heç yaraşır adımıza?
Köpəkoğlu, Diləzbər səni gözləyir!
Bilirsən nə dolma bükür? Sənə qalan elə o olacaq eey!
Kəndimizə gəl qadan alım!
Gəl ayranını iç, qoyununu otar, müsəlmançılıq elə.
Dədən öldü ee, naxırı qabağına qatıb otarmaqdan, kömək et kişiyə!
Oxumursan oxumursan o sazı aldıq sənə heç olmasa el şənliklərində, toyda, sünnətdə çalasan!
Boyunu yerə soxum gedib hardan tamah saldın gitaraya axı? Sənin baban gitara çalıb?
Tısbağa qınından çıxdı qınını bəyənmədi…”
Mən bu atalar sözünə qarşıyam!
Düz edib də tısbağa...
Baxır görür ki, qını ağırlıq edir. Amma həyatı boyunca o qınının içərisində yaşayıb, həyatı elə görüb. Bir gün bir dəli şeytan deyir çıx o qınından!
Çıx!
Çıx!
Axır ki, sadəlövh tısbağa özündə güc tapıb qınını tərk edir. Axır görür ki, illərdir içərisində yaşadığı qını, onun azadlığını əlindən alırmış!
Bu yazını hər zaman bu geridə qalmış atalar sözünü yanınızda misal kimi, örnək kimi çəkənlərə əks arqument olsun deyə yazdım.
Dəmirçinin oğlu dəmirçi olmalı deyil ki.
Zaman dəyişdi əzizlərim, gözlərinizi açıb ətrafı diqqətlə süzün! Bəlkə onda məni daha yaxşı başa düşəcəksiz.
Uşaq olsam da 90 - cı illəri yaxşı xatırlayıram. Dünyanın hər yerində sevilərək geyilən cins şalvarını azərbaycan kişisi birmənalı qarşılaya bilməlidi. Cins şalvar tapıb geyinənə “pis” gözlə baxırdılar. Hələ qadınların şalvara keçmə prosesi bir ayrı hekayədi.
Amma indi?
Nələr olur göz qabağındadır.
Bizi o illərdən heç də 100 il ayırmır dostlar.
Nə isə bu çəkəcəyim misallardan biri idi.
Həə, indi baxıram ki, tısbağa heç qınının ətrafında belə dolaşmır!
Əhsən tısbağa!
Səni dəstəkləyirəm!
Çoxları barəndə, çox şey desə də!

Sourced from Alma



del.icio.us
Digg
Facebook
Technorati