Vüsal Həmzəyev
Vüsal Həmzəyev
1980-cı il sentyabrın 9-da İsmayıllı rayonunda doğulub. İlk təhsilinə Mican kənd məktəbində başlasa da, İsmayıllı 1 saylı orta məktəbini bitirib. 1998-ci ildə Azərbaycan Dillər Universitetinin Beynəlxalq Münasibətlər- Avropaşünaslıq fakultəsinə daxil olub: “Bu, o zaman ən böyük arzum idi. Avropanı çox sevirdim.” 2004-cü ildə eyni ixtisas üzrə (Avropaşünaslıq-İngiltərə) magistr dərəcəsi aldıqdan sonra, bir müddət Bakıda İctimai Əlaqələr (PR) mütəxəssisi kimi çalışıb: “Bakıdakı mühit məni sıxırdı və buna görə də qərara gəldim ki, Azərbaycanı tərk eləməliyəm. Ən azı bir müddət.”
6 aylıq kurs keçmək bəhanəsilə 2005-ci ildə valideynlərini tərk edərək Londona gəlib: “Lakin 6 ay sonradan get-gedə uzanmağa başladı. Mən özümü burda azad, rahat, eyni zamanda yaradıcı hiss edirəm.”
Vüsal özünü ziddiyyətli insan hesab edir: “Mənə elə gəlir ki, nikbinəm. Dinə inanıram. Kainatın təsadüfən yaranması mənim üçün gülünc səslənir. Mən insanların çox olduğu yerdə sıxılıram. Səs-küyə nifrət edirəm. Ağlım kəsəndən Azərbaycan toylarında iştirak etməkdən iyrənmişəm. Ümumiyyətlə azərbaycanlıların məclisləri, bu tərz mənim üçün qəbuledilməzdir və ad günləri, toylar və buna bənzər məclislərdə, Azərbaycansayağı qaragüruhda özümü olduqca narahat hiss eləyirəm. Tam tərsi, hər zaman yas yerlərində iştirak etməkdən həzz almışam. Ola bilər ki, mən “baş yeyənəm”.”
O, çox səmimi bildiyi dostları ilə sakit atmosferdə əylənməyə üstünlük verir: “Uşaq vaxtından filmləri seyr edərkən Avropadakı ənənələrə heyran qalmışam. Soyuq ölkələri və mühiti çox sevirəm. Skandinaviya mənim üçün dünyanın ən ideal məkanı kimi görünür. İnanmaq istərdim ki, orda Şərqdən gəlmiş daha az insan yaşayır.” O, yaddaşının çox zəif olmasından şikayətlənir və maşınlara nifrət edir.
Vüsal Britaniyada azərbaycanlı gənclər şəbəkəsinin qurulmasında başdan iştirak edib. Hal-hazırda Londonda azərbaycan dilində nəşr edilən Araz qəzetinin baş redaktorudur: “Biz burda çox maraqlı işlər görmüşük. Mən gənclərin gücünə inanıram və burda Azərbaycan məktəbi, Azərbaycan qəzeti, radiosu, Azərbaycan Evi kimi layihələrin gerçəkləşməsində əməyim olduğuna görə özümü olduqca xoşbəxt hiss edirəm.“
Bununla yanaşı o, Zaman Avropa qəzetinin Britaniya təmsilçiliyində çalışıb və “Oxfordvision Education”da təhsil üzrə məsləhətçi olub.
Musiqini o qədər də çox sevmir və rəqs etməyə sadəcə olaraq nifrət edir. Lakin dediyinə görə təhlükəli olduğundan xəbərdar olsa belə, velosiped sürərkən qulaqlıqlarla musiqiyə qulaq asmağı xoşlayır. Sadəcə rok dinləyir və bezəndə klassik musiqiyə qulaq asır.
Sevdiyi qruplar: Kino, Foo Fighters, Children of Bodom, Remmstein, Nickelback, Nirvana və s.
Ən çox sevdiyi əsərlər: Gymnopédies (Erik Satie), Summer 78 (Yann Tiersen), The Dream (Rachmaninoff), Sleepers Awake (Bach).
Ən çox bəyəndiyi film: Goodbye Lenin (Wolfgang Becker).
Sevdiyi kitablar: Young Stalin (Simon Sebag Montefiore), Ali and Nino (Qurban Said). Kiçik olarkən bir macəra kitabı oxuduğunu və çox bəyəndiyini deyir: “Onda məktəbə yenicə gedirdim və təəsüf ki həmin kitabın adı yadımdan çıxıb. Mən kitabları dekorasiya olaraq da çox sevirəm.”
Azərbaycanla bağlı məlumatı facebook və azadliq.org saytından alır. Azərbaycan TV kanallarına baxanda utuanır.
Azərbaycanı necə görmək istərdin?
“İnsanlar fikirlərini ifadə edərkən qorxu və həyacan keçirməyəcəyi, mətbuatın cəmiyyətdə baş verənlərlə bağlı ətraflı, maraqlı və tərəfsiz məlumat verəcəyi, universitetlərdə müəllimlərin rüşvət almayacağı, polislərin qorxu mənbəyi deyil, təhlükəsizliyin təminatçısı kimi qavranıldığı, vətəndaşların konstitusiya ilə təmin edilmiş bütün hüquqlaradan tam sərbəstcəsinə istifadə edə biləcəyi bir Azərbaycan görmək istəyirəm. Mən insanların azadlıqlarına inanıram və məncə Vətən, insanın özünü azad hiss etdiyi yerdir. Doğulduğum ölkədə nə insanların, nə də hökumətin tolerant olmamaısı faktına üzülürəm.”
Yenidən dünyaya gəlmək şansı olsaydı alman olmaq istərdi.
Vüsal dəlicəsinə “Qarabağ” azarkeşidir: “Mənə elə gəlir ki, dünyada Qarabağdan başqa bütün klublar oyuncaqdı”. 1996-cı ildən “Qarabağ”a azarkeşlik edir.

ANİ



del.icio.us
Digg
Facebook
Technorati