Home | yAZAR | Namus Ayaqlarımızın Arasındadır

Namus Ayaqlarımızın Arasındadır

image

- Bu gün dünya üzərində yaşayan qadınların yarısı ərləri tərəfindən şiddətə məruz qalır.
- Çində, ildə 1 milyon qız uşağı doğar doğmaz öldürülür. Dünyada bu yolla itirilən qadın sayı 40-50 milyona qədərdir.
- Beynəlxalq Köç Qurumu, hər il 2 milyon qadının sərhəddən kənarda qadın ticarətində istifadə edildiyindən bəhs edir.
- ABŞda, hər 6 dəqiqədə bir qadına təcavüz edilir.
- İngiltərədə, hər 7 qadından biri birlikdə olduğu kişi tərəfindən təcavüzə məruz qalır.
- Fransada, hər ay 6 qadın ailə içi şiddətdən həyatını itirir.

Bu bizdə necədir? Bu dünyanın aparıcı ölkələrindən alınmış statistik göstəricilərdir.

Əlində fikirləşirəm ki bu qədər əziyyət çəkməyimizin səbəbi “almadır”.  Burda söhbət yaşıl, qırmızı, sarı hər hansı bir almadan gedir. Keçən dəfə bir məclisdə idim, yaşıl almanı duza batırıb xartaxart yeyirdim ki, bir ağbirçək dedi: “Yaşıl alma çox yemə, günahdır!” Dedim: “Bəs niyə?” Dedi: “Qurban olduğum yaşılından dişləyib bizi bu günə salıb”… Bir balaca barmağımı dişləyən kimi oldum… Təbii ki, o qədər adamın içində ürəkdən gülə bilməzdim amma… Evə gələnə qədər ağlım o almada qaldı….
Şeytan dedi ye! Bəs sən niyə yedin? Lap yaxşı elədin yedin deyək. Bəs sen yeyəndə bizi niyə fikirləşmədin? Yoxsa ağılsız başın əziyyətini bədəninə, sonra səndən törəyənlərə çəkdirmək istədin? Tamah güc gələndə gəlir də… Səni, məni fikirləşmir ki! Bu gün almadan və o almanın törətdiklərindən danışmağı çox istərdim, amma fikirləşirəm ki, almanı dişləyəndən və onun “artıqlarından” yaranan Həvvadan danışsaq, daha məqsədəuyğunudur. Niyə artıqlarından? Hə, indi ona bir balaca açıqlama gətirməyə çalışacağam aşağıda danışacağım “nağıl” vasitəsi ilə. Açığı sizə danışacağım “nağıl”a heç mən özüm də inanmıram, amma aramızda inananlar da az deyil. Nağıla da artıq – əksik söz soxan “belə”-“belə” olsun, əzizlərim. Lap dişinizin dibindən çıxanları deyin, xoşdur. Onu da qeyd etməkdə fayda var ki, bu almanın başqa “alma” ilə yaxından və uzaqdan heç bir əlaqəsi yoxdur.


Deməli belə, biri var imiş, biri yox imiş, bir Allah var imiş. O, necə var olub artıq onu hələ də heç kim bilmir, amma bunun yaxınları, əzizləri mələklər var imiş ki, bunu hamı bilir. Bir gün mübahisə düşür mələklərlə Allah arasında mələklər deyir yaratma bu insanı! Xasiyyətini biz də bilirik sən də! Allah deyir: “Mən yer üzündə özümə canişin seçmişəm”. Mələklər ərz etdilər: – “Yer üzündə elə bir şəxsi seçmisən ki, ziyankarlıq, pis işlərlə məşğul olub qanlar tökür!” Elə bu yerdə Allah “baba” mələklərin sözünü ağzında qoyur. Hirsli bir şəkildə “Mən bilən şeyləri siz bilmirsiniz!” deyərək söhbəti bağlayır müzakirəni sonlandırır. Əsl diktator elə yaradanın özü imiş ki… Düzdür söhbətdə özüm olmasam da “nağıl”ı oxuyanda fikirləşdim ki Allah nə deyirsə o olur. Deməli belə olduğu zaman “Allah qatında” demokratiyanın heç “D”si də olmayıb. Biz niyə özümüzü öldürürük ki demokratiya üçün, Allahın canişini deyilik məgər?! Hər halda mələklər belə etiraz və sualın yeri olmadığının, bəlkə də özləri tərəfdən səhvin baş verdiyini başa düşdülər və öz səhvlərini düzəltmək üçün illərlə “tövbə” və “istiğfar” etdilər. Rüşvət verdilər, yaltaqlıq etdilər nə etdilər bilmirəm daha orasını amma və lakin Azərbaycanlı mələk varsa aralarında sizi inandırıram ki, o artıq çoxdan düzüb qoşub arasını Allahla. Bu mələklər arasında bir mələk üsyankar çıxdı, müxalif oldu. Dedi mən sizinlə razılaşmıram və sizə qarşı çıxıram, öz bildiyinizi etdiyiniz üçün. Bu üsyankar mələyimizin adını da “pis”ə çıxardılar sonra. Artıq söhbət kimdən getdiyini hamınız bildiniz yəqin ki. Bu Şeytandır. Uzun sözün qısası, Allah heç kimin sözünə baxmayaraq insanı yaradır. Düz etdi səhv etdi bunu zaman göstərəcək amma zaman göstərdiyini göstərdi və mən söhbətin bu yerində özümü ortaya soxaraq mələklərə haqq verirəm. Bir az da olsa mələklərin sözünə baxmaq lazım imiş…


İnsanın yaranması üçün “su” və “gil” bəs etdi. Uşaq vaxtı su və gilin vasitəsi ilə çimərliklərdə çox lüt qız heykəlcikləri düzəltmişəm, amma bu ona bənzəməz! Gərək bir də üfürəsən ki cana gələ! Nəysə su və gildən formalaşan insanın adı Adəm olur. (insanın su və gildən yaranmasının heç bir fiziki, kimyəvi və bioloji açıqlaması yoxdur, xəbəriniz olsun) Sonra Allah Adəm kişini yanına çağırıb deyir ki, “Göylərin, yerin və başqa varlıqların yaranışından sonra onların ən üstününü, ən şərəflisini, yəni səni yaratdım ay “kişi”. Səni də özümə canişin seçirəm, di get kef elə. Amma ağlında olsun, şeytanın sözünə qulaq asma yoxsa səni cəzalandıracam! Mən inanıram ki, Allah qatında azad söz yoxdur. Nəysə Bəşəriyyətin “ulu öndəri” yarandı, bütün mələklər ona səcdə etdilər, yaltaqlıq etdilər, ümumiyyətlə belə baxanda Allahın yanında xoş olmaq üçün hər şey etdilər. Amma yaşayışın davamı üçün Adəmin bir sıra ehtiyacları var idi. Bu nağılı uyduran, söhbətin bu yerində böyük səhvə yol verdiyini sonradan başa düşərək nağılı başdan yazmaq yerinə söhbətin ortasına qadını, yəni “Həvva” xanımı atır. Unutduğunu görür və Həvva xanımı Adəmin bir ehtiyac vasitəsi olaraq görür. Guya Adəm bəy təklikdən əziyyət çəkirmiş. Onun qəlbinin sakitliyi və canının rahatlığı üçün özünə həmsöhbət istəyirmiş. Buna görə də Allah Adəmin xilqətindən “artıq qalmış” gildən Həvvanı yaratdı və onun bədəninə ruh üfürdü. (elə bil başqa gil yox imiş yada ərinib bir de su ilə gili qarışdırmağa deyib elə burda bir az qalıb qoy iki dəqiqə də hazırlayım, üfürən kimi canlanır onsuzda…) Burda ağlınıza bir çox sual gələ bilər. Mən inanıram ki gəlir də. Niyə başqa bir cins yaratma istəyi? Mələklər dişidir yoxsa erkək? Homo mələk var?  Niyə Həvva birinci yaranmadı da Adəm yarandı?! Məgər Həvva Adəmin qəlbini sakitləşdirmək və onu “rahatlamaq” üçünmü gəldi sadəcə? Bunu zaman göstərdi və göstərməyə davam edir! Əzizlərim, söhbətin məcrasını dəyişdirmənin tam yeridir. Adəm, Həvva, alma, limon, xiyar, cənnət, cəhənnəm… bu barədə çoxları çox şey deyilib, amma fikirləşirəm ki, incə detallar hər zaman göz önündən qaçıb və nədənsə qaçmağa da davam edir. Ya da bəziləri onları görməzdən gəlməyi sevir! Ya da yaradılışda bir səhvmi var görəsən?!  Günlərdən bir gün yeməyə, suya geyimə ehtiyacı olmayan Adəmin kefinə alma düşür (bu da ən böyük paradokslardan biridir ki yeməyə ehtiyacı olmayan bir insan niyə alma yemək eşqinə düşsün?) Həvvayla oturub evdə TV’de “Aşk-ı Memnu” nun yeni bölümünə baxdıqları vaxt Şeytan qardaş gəlib deyir ki, bəs o almaları niyə yemirsiniz? Gərək qala, qurda quşa yem ola? Adəm də almanı yığıb bazarda satmaq istəyirmiş. Nəysə ağlına nə verirsə, gedir bir alma qoparır və başlayır xartaxart yeməyə… Elə burda olan olur… Amma heç kim sual vermir ki, bəs yaxşı Həvvanın günahı nə idi? Bəli, əzizlərim Həvva xanım da “həyat yoldaşına” sadiq qalaraq “Behiştdən” qovulur. Adəm fiziki cəhətdən güclü olduğu üçün elə nə olursa, ondan sonra olur… Həvvanı insan yerinə qoymur, hər gün döyür, söyür, ağladır. Yemək bişirir, patlar yuyur Həvva. Hələ bununla yetinməyib uşaqların da qayğısına qalır, doğum sancıları keçirir.  Amma bir daha soruşa bilmir ki, bu əziyyəti mən sənə görə çəkirəm! Sənin üçün qovulduq. Bunları deyə bilmir. Nağıllara nə qədər inanmasaq məntiqi son çıxarmasaq belə Adəm və Həvva bizlərik. Qadınlara həmişə hər yerdə eyni cür münasibət bəsləndiyini söyləmək həqiqətdən uzaq iddiadır. Qadınlara qarşı zorakılığın olması, həyat yoldaşı ilə birgə gəzməyin “ayıb” hesab edilməsi, ikinci sinif insan kimi davranılmasının səbəbi nədir sizcə? Qadınların haqları tapdalanır! Keçən illərdə qəzetdə oxuduğum bir xəbərə görə, “Londonda aparılan araşdırmalar qadın və kişinin 200 il sonra bərabər hüquqlara malik olacağını deyir. Bu da bir əsilsiz iddiadan başqa bir şey deyil.  Azyaşlı qız uşaqlarının ərə verilməsində, qadınların sadə bəhanələrlə döyülməsində, müvəqqəti kəbinlərin kəsdirilməsində, miras hüququnun əlindən alınmasında, çölə çıxmasına qadağa qoyulmasında, qız uşaqlarının təhsil almasına biganə yanaşılmasında, işləməyə icazə verilməməsində, “qadına qulaq as, ancaq dediyini etmə” kimi məsəllərin çəkilməsində, dünyaya gələcək uşağın oğlan olmasına “sifariş” verilməsində, qadının ağlının az olmasında, çoxevliliyin mübah görülməsində kimdir günahkar? Mən bu mövzuya bir də bir Azərbaycanlı gözü ilə baxmağa daha çox “qorxuram”. Bizim “toxumumuzda”, “genimizdə” bəzi problemlər olduğunu düşünürəm. “Azərbaycanlıdır?” “Hə qanında var da bu qırılmışın!” kimi cümlələri hər gün duymaq o qədər də çətin deyil. Qadınların haqlarının tapdalanması və yuxarıda sadaladığım şeylər bizə də aiddir əzizlərim! Kişilər və qadınlar bərabər hüquqamı malikdirlər? Qadınların internetdən istifadə etməyinə münasibətiniz necədir? Qadın siqaret çəkə bilər yoxsa siqaret çəkən qadın “pis” qadındır? Qadın kişinin sözündən çıxsa, nə olar? Arvadın ipi ərində olar! Qadındır, evdə otursun, bozbaşını bişirsin! “Qız ağacı qoz ağacı, hər gələn bir daş atıb keçər” kimi düşük atalar sözləri, mentalitetimizin iylənmiş qayda qanunları və eləcə də hələ də yaşlı Gülçöhrələrin, Qəzənfərlərin sözləri ilə oturub duran klassik, bisavad ağlı yeməyə və yatmağa çalışan Azərbaycanlı fərdlər varsa, Hələ TVlərdə, qəzetlərdə bu cür və buna bənzər mübahisələr gedən Talk Show-lar olarsa, bu ölkədə qadın nə haqqını biləcək nə də “qiyamətə” qədər azad olacaq. Bəlkə də çoxlarınız məni feminist olaraq görə bilərsiniz, amma inanın mənə feminist damarım tutmayıb sadəcə yaradılış “nağılımız”la başlayaraq günümüzə qədər qadın və kişi arasındakı “kiçik” fərqləri nəzərinizə çatdırmaq istədim. Cənnət analarımızın ayaqları altında ola bilər, amma namus da ayaqlarımızın arasında deyil, beynimizdədir! “Nağıl” bitdi, amma mənim nağıllarımın sonunda göydən alma zad düşmür…Qadına şiddətə və istismara SON!

 

By Orkan Kerimov

Sourced from Orkhano Wordpress

  • email Email to a friend
  • print Print version
  • Plain text Plain text
Rate this article
4.40
Powered by Vivvo CMS v4.1.5.1