Home | yAZAR | Axı biz dözümlü xalqıq

Axı biz dözümlü xalqıq

image

Allah heç kimin yolunu Naxçıvan aeroportuna salmasın! Amin!

Bundan bir xeyli öncə Bakıdan Naxçıvana uçan təyyarənin içərisində mən də varıydım. Naxçıvana həyəcanla gedirdim, heç görmədiyim bir şəhəri, muxtar vilayəti görəcəkdim.
   Təyyarədə insanlar 1990-cı illərdəki kimi ayaq üstə getmirdi. Eləcə də qoyun mələşmələri də duyulmurdu. Amma hər dəfə tir-tir titrəyən TU-154-lərdən sağ çıxanda, kimə şükrədəcəyim barədə düşünmək mənə əzab verir. Bu dəfə Azərbaycan dilini yeni öyrənən stüardesələrimizdən ən qocamanı mənə yaxınlaşıb: "Kola istəyirsən, yoxsa Fanta?" sualından sonra, cavab verməyə macal tapmamış, bir bardaq fantanı üzərimə tökdü. Fanta canıma hopmamış, çıxartmaq üçün salfetka axtarışlarım uğursuz nəticələndiyindən, qaça-qaça özümü tualetə çatdırdım. Amma "xalq" tualet sırasında olduğuna görə gözləməkdən başqa çarəm qalmadı. Tualet sırasındakı basabasda, şüvən salan bir arvad üzərimə elə gəldi ki, qorxumdan növbəmi ona verdim.
   Dəfələrlə siqaret çəkməyin qadağan olduğu barədə xəbərdarlıq edilsə də, camaatımız ürəyi istədiyi kimi tualetdə ciyərlərini dumanla doldururdu.
    Oturacaqların arxası müxtəlif telefon nömrələri və kiçik çaplı mesajlarla doludur. Qəzetə, jurnala ehtiyac yoxdur, bütün informasiyanı oradan almaq mümkündür. Bakıdakı şəhər daxili "avtobus" ondan daha rahatdır desəm, lütfən inanın. O günü unutmayacam. Naxçıvan aeroportunda yaxşı ki, qarşılayanımız var idi.
   Ordan zülmlə sərhədi keçdikdən sonra, yol aldıq İğdıra. İğdırda bizi Iğdır - İstanbul səfəri gözləyirdi. Günorta saatı ilə 13.00 - da başlayan səfər, düz bir gün sonra "İstanbul Əsənlər Avtovağzalı"nda bitəcəkdi.
   Bir də getdiyin yolu, geri dönməyəsən də...
   Avqust ayı idi, insan çox arsız məxluqdur. Bir üzünə tüpürürsən, o biri üzünü çevirir. Özünə söz versə də, xeyri yoxdur. Allah baba kasıbçılığın üzünü qara eləsin, nə edək yenə yayın cırhacırında Naxçıvana üz tutdum. İçimdə olan "vətən" həsrəti məni, hər cür çətinliyə dözdürür, cəsur edirdi. Amma gərək adamın səbr kasası dolmasın da. Mən "kasa"nın yerinə qazan da istifadə eləsəm xeyri yoxdu, yenə daşıb aləmi batırır. 28 saat sonra sərhəddə bizi, yeyib-yeyib qarın çıxarmış, Azərbaycan hərbiçisimi deyim, sərhəd əməkdaşımı deyim, onlar qarşıladı. Elə ayağımızı içəri soxan kimi dedilər: “Hamı 1 manat versin!” Dedik: “niyə?”
   Dedilər: “Bəs "torpaq basdıdır”.
   Təbii ki, insanları rəsmi şəkildə soymağa çalışan dövlət məmurlarına qarşı "yoxdu" sözünü elə ağır formada istifadə etdim ki... Bir də gördüm X-ray cihazından keçən çantalarımızda problem çıxdı. Çantamı sökdülər ki, bəs CD var. “CD - lərə bir - bir baxacağıq, bəlkə pornoqrafikdilər?” Dedim: “Hə, Azərbaycanı porno filmlərlə mən təmin edirəm. Aparan kimi göydə gedir. Yaşıl bazarda "toçkam" var. "Natavan Həbibi" adıyla qara camaata soxuşdururam”.
   Axtardılar, gördülər ki, bir şey çıxmır dedilər: “Bizə bir-iki film ver də, boş - bekar oturmuşuq burda, gejələr baxarıx. Arsız üzüm, çıxartdım bir neçə film verdim ki, məni "azad" etsinlər, alt paltarlarıma da baxmasınlar.
   Qarşıda bizi aeroport macərası gözləyirdi. Aeroporta çatanda 20.00 xəttiylə "doğma Bakıya" uça bilərdim. Amma dedilər: “bilet yoxdu”. Elə bu dəqiqələrdə bir də gördüm bir aeroport işçisi qışqırır: "Ayəə, ayəə, ayəəəə qardaş bura gəl".
   Fikirləşdim ki, indi də yəqin üzərimdən narkotik tapacaqlar.
   Məni qırağa çəkib dedi: “Bilet var, amma gərək 20 manat hörmət edəsən, yoxsa qardaş canı variant yoxdu, bu gecə burda qalmaq istəyirsən, yoxsa getmək istəyirsən? Dedim: “Ayəəəə qaaaardaş tələbəyəm, etmə eləmə”.
   Gördüm yox ey bunlara heç tələbə-mələbə keçmir. Saatlarla gözlədim, taxta kimi kotletlərdən yedim, sirabdan içdim, susuz, kağızsız qaldım.
   Basabasda söyüşə-söyüşə özümüzü təyyarəyə soxanda içimdəki təyyarə fobiası artıq öz yerini sevinc göz yaşlarına buraxmışdı. Bakıya gəldim, yenə turist kimi qarşılandım. Sağ olsun taksi şoferi də mənə 20 manat “atdı”. Dedi: “Bəs sənin Azərbaycandan xəbərin yoxdur ey, ay yetim hər şeyin qiyməti qalxıb fil belinə”. Dedim: “Bərəkallah... Budur Azərbaycan Gerçəkliyi, Budur Xidmət, Budur Səviyyəmiz, Budur Tələbəyə göstərilən qayğı!”
   Amma yenə də bütün bunlara göz yumuruq.
   AXI BİZ DÖZÜMLÜ XALQIQ...

Naxçıvan Beynəlxalq Hava Limanı

By Orkan Kerimov

Sourced from Alma

  • email Email to a friend
  • print Print version
  • Plain text Plain text
Rate this article
1.50
Powered by Vivvo CMS v4.1.5.1