Tələbə-jurnalist ali məktəbdən qovuldu
Azərbaycanda növbəti dəfə tələbə təhsil aldığı universitetdən reportaj hazırladığına görə xaric edilib. Poliqan İnformasiya Agentliyinin (pia.az) redaktoru Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) 4-cü kurs tələbəsi Elmin Bədəlov universitet rəhbərliyinin qəzəbinə tuş gəlib. Elmin Bədəlov universitetdən qovulmasına səbəb kimi 12 noyabr 2009-cu il tarixdə ADNA-dakı rüşvət halları və maliyyə fırıldaqları ilə bağlı pia.az saytında “Azərbaycan Dövlət Neft Akademiyasından reportaj” adlı məqaləsini göstərir. Xatırladaq ki, Elmin Bədəlov qəzetimizlə də əməkdaşlıq edir. Və davamlı olaraq təhsillə bağlı məsələləri işıqlandırır.
Bir müddət əvvəl eyni səbəbdən dolayı dalğaçı fəal Pərviz Əzimov universitetdən xaric edilmişdi. Pərviz yalnız məhkəməyə müraciət edəndən sonra universitet rəhbərliyinin haqsız olduğunu sübut edə bilmiş və yenidən universitetə bərpa olunmuşdu.
Elmin Bədəlov artıq bir neçə aydır ki, universitet rəhbərliyinin ona təzyiq etdiyini deyir. Tələbə-jurnalist ADNA-dakı rüşvət məsələləri barədə bir neçə reportaj hazırladığı üçün təhsil aldığı akademiyanın fakültə dekanı Qasım Məmmədov tərəfindən hədələrlə üzləşib.
Həqiqətən də Akademiya rəhbərliyin qərarlarında şübhə doğuran məqamlar var. Elmin Bədəlov təhsil aldığı 4 il müddətində bir dəfə də olsun imtahanlardan kəsilməyib, amma məlum reportajlardan sonra o, son semestrdə ard-arda 3 kəsirlə üzləşib.
ADNA rəhbərliyi də Pərviz Əzimovun təhsil aldığı universitetin yolu ilə gedir
“İmtahanlardan mənim daha bir neçə nəfər tələbə yoldaşım kəsilib və onlara bildirilib ki: “sizi də Elminə görə kəsirik”. Onlar tələbə yoldaşlarımı mənə qarşı qoymaq istəyirlər” - bunu bizimlə söhbəti zamanı Elmin Bədəlov dedi.
Xatırladaq ki, Pərviz Əzimovun təhsil aldığı Lənkəran Dövlət Universitetinin rəhbərliyi də tələbə yoldaşları Pərvizə qarşı qoymağa çalışırdı.
Artıq qovulmaq haqda əmr verilib
Elmin Bədəlovun təhsil aldığı ali məktəbdən xaric olunması ilə bağlı artıq əmr də verilib. Bu barədə məlumatı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) “Neft mexanika” fakültəsinin dekan müavini İlman Həsənov məlumat verib. O bildirib: “Elmin Bədəlov artıq 3 imtahandan kəsildiyinə görə rektor onun ali məktəbdən qovulması barədə əmr verib. Ona görə də bu məsələ ilə bağlı hər hansı bir cəhdin mənasız olduğunu hesab edirəm”.
Müəllim: “Sən “işverənsən””
E.Bədəlov isə xüsusi komissiya ilə yenidən imtahan təşkil olunmasını tələb edir və onun nəticələrindən sonra akademiya rəhbərliyinin ona qarşı qərəzli davrandığını sübut edəcəyini deyir: “Yazılarımdan sonra dekan məni çağıraraq: “sən "işverən"sən, sifarişli yazılar yazırsan, qələt etmisən, get özünə başqa yerdə tərəfdaş topla” - deyərək, mənə müxtəlif yollarla təzyiq göstərirdi. Kurs layihəsinin müdafiəsini etdim, sadəcə olaraq kafedra müdiri Vasif Əliyev bizə bildirdi ki, müdafiə təkrar iki gündən sonra olacaq. Amma buna baxmayaraq səhəri günü qeyri-kafi yazıblar. Mən bunu sonradan bildim. Bizi “təkrar müdafiə iki gündən sonra olacaq” - deyib aldatmasaydılar, əvvəlcədən bir xəbər versəydilər, ən azından bilərdim ki, kəsilmişəm və həmin günü Apellyasiya Komissiyasına müraciət edərdim”.
Tələbə-jurnalist məhkəməyə müraciət edəcək
E.Bədəlov bu günlərdə geniş mətbuat konfransı keçirmək fikrindədir və ADNA-da baş verən qanunsuzluqlara aydınlıq gətirəcəyini deyir. O bu yaxınlarda məhkəməyə də müraciət etməyi planlaşdırır.
Tələbənin qovulması ilə bağlı pia.az agentliyi xəbər yayıb: "Elmin Bədəlov PİA-dan əvvəl də daha bir neçə mətbu orqanla əməkdaşlıq etmiş, lakin heç vaxt təhsil aldığı akademiya rəhbərliyi tərəfindən təzyiqə məruz qalmamışdır. Lakin PİA-yla əməkdaşlıq etdikdən və başıbəlalı “ADNA-dan reportaj” adlı yazıdan sonra əməkdaşımıza qarşı davamlı təzyiqlər edilmiş və bu təzyiqlərin məntiqi sonluğu olaraq, tələbə-jurnalistin akademiyadan qovulması qətiləşmişdir. Onu da bildirək ki, əməkdaşımız Elmin Bədəlov akademiyada təhsil aldığı 4 il ərzində bir dəfə də kəsilməmiş, lakin son semestrdə ard-arda üç kəsirlə üzləşmişdir. Bu da akademiya rəhbərliyinin tələbə-əməkdaşımıza qarşı qərəzli olduğundan xəbər verir. Biz PİA olaraq, gələn həftə bu məsələ barədə geniş mətbuat konfransı keçirəcək, ADNA-da baş verən bütün qanunsuz hadisələr barəsində əlimizdə olan məlumatları yayımlayacağıq. Əməkdaşımıza qarşı təzyiqlər son mərhələdə olduğu üçün akademiya rəhbərliyini ifşa edəcək faktları açıqlayacağıq".
Sourced from ALMA



del.icio.us
Digg
Facebook
Technorati