Müxalifət / Və yaxud bizə nə lazımdır?
Bu gün ən çox danışılan məsələlərdən biri müxalifətin birləşməsi ilə bağlıdır.
Çox güman ki, hələlik fərdi söhbətlərlə başlayan birləşmə məsələsi, parlament seçkilərinə qədər daha geniş çərçivədə – siyasi qruplarla, partiyalarla görüşlərlə, müzakirələrlə davam edəcək.
Əsas müxalifət partiyalarının seçkilərə qədər birləşməsi, əlbəttə ki mühüm hadisədir, lakin düşünürəm ki, ilk öncə hər müxalifət partiyası öz daxilindəki strukturlaşma problemlərini, şəxsi anlaşılmazlıqları həll etməlidir.
Əks halda birləşmə, sadəcə görüntü xarakteri daşıyacaq və bunun effektliyinə də inanmıram.
Müxalifət
Azərbaycandakı əsas müxalifət partiyalarının həm maddi , həm sosial vəziyyəti ürək açıcı deyil.
Təbii ki, bu vəziyyətin yaranmasında ölkə iqtidarının rolu danılmazdır.
Müxalifəti tamamilə yox etmə planını həyata keçirənlər, ola bilsin ki müəyyən mənada buna müvəffəq olublar, ancaq az da olsa təyziqlərə məruz qalmalarına baxmayaraq mübarizəni davam etdirən insanlar var.
Bütün bunlarla yanaşı, müxalifətin təkrar nəzərdən keçirməsi gərəkən məsələlərin olduğunu fikirləşirəm.
Müəyyən dövrlərdə müxalifət partiyalarının da bəzi məsələlərdə səhv addım atması, müxalifət liderlərinin də yanılqıya düşməsi normal qarşılanandır, lakin əhəmiyyətli olan bu cür səhvlərin, yanılqıların təkrarlanmasıdır.
Bu gün hər bir müxalifət partiyası fərdi mövqedən deyil, birləşdirici mövqedən çıxış etməlidir.
Boykot
Müxalifət partiyalarının son illərdə seçkilərə getməyərək boykot etməsiylə heç bir zaman razılaşmamışam.
Ola bilsin ki, müxalifət partiyalarının əlində müəyyən səbəblər də ola bilər, lakin heç bir səbəbin seçkiləri boykot etməyə əsas vermədiyini düşünürəm.
Seçkilərin boykot edilməsi, sadəcə hazırkı iqtidarın güclənməsinə, müxalifətin beynəlxalq qurumların verdiyi dəstəyi itirməsinə kömək edir.
Bir neçə il əvvəl bu mövzuda fikirlərimi bildirəndə məni tənqid edən bəzi dostların bu gün məsələyə eyni prizmadan yanaşması sevindiricidir.
Xatırlayaq
Ən son 2005-ci ildəki parlament seçkilərində müxalifətin göstərdiyi aktivlikdən sonra, prezident seçkilərinin boykot edilməsi cəmiyyətdə ciddi siyasi bunalım və passivlik yaratdı, ümidsizlərin sayı artdı və ən nəhayət prezident seçkilərinin boykot edilməsindən ən böyük zərbəni müxalifət aldı.
Müxalifət içi ağız dalaşları, qarşıdurmalar, istefaların artması da məhz bu passivlik dövründə oldu…
Eyni zamanda müxalifətə qarşı repressiyalar daha da gücləndirildi, media vasitəsiylə müxalifət əleyhinə təbliğatlar daha da artdı, müxalifyönlü insanlara təyziqlər çoxaldı və s.
Son 4 ildə müxalifətin passivliyi, əhalinin böyük hissəsini ümidsizliyə sürüklədi və hazırkı vəziyyətlə barışmağa vadar etdi.
Və yenə məhz müxalifətinin bu passivliyi, iqtidarın konstitusiyaya dəyişikliklərlə bağlı qondarma referendum keçirməsinə təkan verdi.
Əvvəlki seçkilərdə minimum qaydalara riayət olunurdusa, son seçkilərdə müxalifətin passivliyindən istifadə edən iqtidar açıq-aşkar saxtakarlıq etməyə başladı.
Son bələdiyyə seçkilərindəki biabırçı nəticələr, səsvermədən öncə nəticənin açıqlanması və s. dolayı yolla müxalifətin passivliyindən irəli gəlirdi.
2003 və 2005-ci illərdəki seçkilərdə saxtalaşdırılmışdı – ancaq o zaman seçkiyə var gücüylə gedən müxalifət, meydanlarda etiraz edən insanlar var idi.
Seçkilərdə saxtalaşdırmaların olmasına baxmayaraq ən azından iqtidar bu saxtakarlığı açıq şəkildə etməkdən çəkinirdi…
Və mən düşünürəm ki, müxalifət prezident seçkilərində iştirak etsəydi, seçkilər saxtalaşdırılsa belə toplumda canlılıq yaranacaqdı, qondarma referendumla qarşı-qarşıya qalmayacaqdıq – iqtidar qısa vaxtda buna cəsarət edə bilməyəcəkdi, bələdiyyə seçkiləri də bu şəkildə tamaşaya çevrilməyəcəkdi.
Digər məsələ, müxalifətin yeni media texnologiyalarından istifadəyə başlamasıdı.
Əslində gec atılmış addım olduğunu deyə bilərik, lakin pessimist olmağa dəyməz, əhəmiyyətli olan bu texnologiyalardan maksimum şəkildə istifadə edə bilməkdir.
Bu texnologiyalardan istifadədə müəyyən əksikliklər olsa da, müxalifətin bu əksiklikləri tamamlayacağını düşünürəm.
Burda özünütənqiddəki əsas məqsəd, müxalifətin səhvlərdən dərs alması, partiya şəklində özünü yeniləməsi, şəbəkələşməni sürətləndirməsi və s. gərəkdiyini göstərə bilməkdir.
Bir digər məsələ
Müxalifət partiyaları ilə bağlı haqlı tənqidlər ola bilər.
Bu cür tənqidlərə emosional reaksiya vermək yerinə, daha soyuqqanlı yanaşılması gərəkdiyini düşünürəm.
İqtidardan narazı olan insanlar arasında hazırkı müxalifətə soyuq baxanlar da az deyil.
Təbii ki, bunun obyektiv və yaxud subyektiv səbəbləri var.
Hazırda əhəmiyyətli olan məsələ, ümumi mövqeləri paylaşan insanların digər detallara fikir vermədən bir yerdə olmasıdır.
Stakana Vedrə deyənlər
Stəkan deyəndə ağla sadəcə bir növ stəkan gəlməməlidi.
Çay stəkanı fərqlidi, kofe stəkanı fərqli…
Şərab stəkanı fərqlidi, şampan stəkanı fərqli…
Müxtəlif quruluşda, fiqurda yüzlərlə, minlərlə stəkan növü var…
Eyni zamanda hazırlandıqları material da, istifadə olunduqları yer də fərqlidi…
Dəmir stəkanlar var – uzun ömürlü…
Plastik stəkanlar var – bir dəfəlik…
Şüşə stəkanlar var – yerə düşəndə qırılan..
Əhəmiyyətli olan fiqurundan, keyfiyyətindən, materialından asılı olmayaraq hamısına stəkan demək və stəkan olaraq qəbul etməkdir…
Bir də vedrə var…
Vedrə ilə stəkanın ən bariz fərqi odur ki, biriylə su daşınır, digəri ilə su içilir…
Lakin stəkana vedrə deyənlər varsa bu qəbuledilməzdir…
Demokratiya da belə şeydi…
Əsas prinsipləri uyğun gələn insanlar – stəkanı stəkan olaraq qəbul edənlər, stəkana vedrə deyənlərə qarşı mütləq birləşməlidir…
Əks halda, stəkanı vedrə, vedrəni stəkan qəbul edib, vedrəyə stəkanla su daşımağa bizi məcbur edəcəklər…
Ən əsası
Müxalifəti tənqid etmək olmaz deyə bir şey olmamalıdır.
Lakin unutmayacağımız gərəkən nöqtələr var.
Əgər bu gün Azərbaycanda rəsmi şəkildə monarxiya rejimi elan edilmirsə, cüzi də olsa hər hansı etirazdan çəkinənlər varsa bunu hazırkı müxalifətə və onun liderlərinə borcluyuq.
Müsavata edilən təyziqlər, AXCP-nin ofisinin əlindən alınmasıdan sonra İsa Qəmbərin, Əli Kərimlinin və digər insanların çox çətin şəraitdə öz fəaliyyətlərini böyük əzmkarlıqla davam etdirməsi sadəcə təqdirəlayiqdir.
Təyziqlərə, hədə-qorxulara baxmayaraq haqqın, doğrunun, ədalətin tərəfində duran bu fədakar insanlar olduqca pessimist olmağa dəyməz.
Mən inanıram və hətta bu gün dünəndən daha çox inanıram – Bir gün Azərbaycan əsl sahibləri tərəfindən idarə ediləcək..
Və o Bir Gün heç də uzaqda deyil….
yaxın hörmətlə
Sourced from Elnur Majidli Wordpress



del.icio.us
Digg
Facebook
Technorati