Home | yAZAR | 8 Mart - və yaxud qadınların yada düşdüyü gün

8 Mart - və yaxud qadınların yada düşdüyü gün

image

 

 

8 Mart, dünyanın əksər ölkələrində Qadınlar Günü olaraq qeyd olunur.

Bu günü ictimai həyatda qadın-kişi bərabərliyinin başlanğıcı da hesab etmək olar.

8 Mart, eyni zamanda qadın cəsarətinin simvola çevrildiyi gündür…

Azərbaycanda bu günün əsl mənasını itirərək  sadəcə  qadınlara hədiyyə bayramı olaraq qeyd edilməsi üzüntüvericidir.

İlin 365 günü öz xanımını incidərək qadın problemlərinə laqeyd qalanların, müxtəlif yer və zamanlarda qadın haqqlarını tapdayanların, qadına qarşı zorakılığın tərəfdarı olanların ilin bir günü hədiyyə alması ziddiyyətli məsələdir.

8 Martda heç bir qadının hədiyyəyə ehtiyacı olmamalıdır…

Çünki, 8 Mart bütün dünya qadınları üçün ən böyük tarixi hədiyyədir…

8 Mart

8 Mart günü 18-60 yaş aralığında olan zərif cinsin nümayəndələrini telefonla, maillə, chatla təbrik edərək qısa sorğu keçirdim.

Düzü, bu günlə bağlı qadınlarımızın  bir qisminin çox az məlumata sahib olması, bəzilərinin səhv məlumatlara sahib olması və bəzilərinin heç bir məlumata sahib olmaması məni ciddi şəkildə narahat etdi.

8 Martın fransız qadın sərkərdə Janna Darkla  bağlı olduğunu söyləyənlər belə oldu…

8 Martın beynəlxalq qadınlar günü elan edilməsi haqda qərar 1910-cu ildə, sosialist qadınların Kopenhagendə keçirilən ikinci beynəlxalq konfransında qəbul edilib. Bayram ilk dəfə 1911-ci ildə ABŞ-da və bir sıra Avropa ölkələrində qeyd olunub. 8 mart 1966-cı ildə SSRİ rəhbəri Leonid Brejnevin sərəncamı ilə qeyri-iş günü və dövlət səviyyəli bayram elan edilib.

8 Mart Sovet İttifaqından qalma bayram olsa da, Azərbaycanda indiyədək qeyd edilir.

Azərbaycanda 8 Martın, o cümlədən 20-ci əsrin başlarından etibarən dünyanın müxtəlif ölkələrində yaradılan qadın hərəkatlarının, qadın haqqları uğrunda aparılmış mübarizənin təbliğinə ehtiyac olduğu ortadadır.

Tarixdə bir çox böyük dəyişikliklər məhz qadınların sayəsində olmuşdur.

Əsrlər boyu qadınlar ümumilikdə tarixin arxa planında qalsalar da dünyanın müxtəlif ölkələrində tarixə iz qoyan, tarixi dəyişdirən liderlərin, şəxsiyyətlərin yetişməsində, qətiyyətli mübarizəsində pay sahibi olduqları danılmazdır..

Türk dilində artıq atalar sözlərinə çevrilmiş “Her başarılı erkeğin arkasında kadın vardır.” deyimi də bunun əyani sübutu ola bilər.

Totalitar rejimlərdə qadın adətən ikinci planda qalıb və yaxud yox sayılıb.

Qadına hörmət etməyən, dəyər verməyən cəmiyyətin sağlam olması və uzun müddət yaşaması mümkün deyil..

Öz qətiyyətli çıxışları, cəsarət və mübarizliyi ilə adını dünya tarixinə yazdıran qadın obrazları da az deyil…

Iron Jawed Angels – Dəmir Dişli Mələklər

Tarixdə bir çox qəhraman qadın obrazı və onlar haqqında çəkilən müxtəlif filmlər var.

Lakin tarixdə qadınların qazandığı ən böyük nəaliyyətin səsvermə hüququ əldə etmələri olduğunu düşünürəm.

Çünki, 20-ci əsrin başlarında qazandıqları bu səs hüququ, daha sonra onlara qadın-kişi bərabərliyi yolunda bir çox haqqlar qazandırdı.

Bu baxımdan qadınların öz səs hüquqlarıyla bağlı apardıqları mübarizənin dünya tarixinin ən əhəmiyyətli hadisələrindən biri olduğunu və bu hüququ əldə etməklə dünya tarixinin axışını dəyişdirdiklərini vurğulamaqda fayda var.

Qadınların səsvermə hüququ əldə etməsinə qadının yenidən var olması da deyə bilərik..

Iron Jawed Angels filmi də məhz bu mövzu üzərində çəkildiyi üçün digər filmlərdən xüsusi olaraq seçilir.

Film 1910-cu illərdən başlayan və Amerika Konstitusiyasına qadınlara səs vermək hüququ verən 19-cu əlavənin edilməsi üçün bir qrup gənc qızın mübarizəsi haqqındadır. Tarixi hadisələrə yumor və romantik səhnələrin qatılması ilə çəkilmiş filmdə Alice Paul, Lucy Burns və rəfiqələri bütün çətinliklərə, inamsızlığa baxmayaraq öz hüquqları uğrunda mübarizəyə başlayırlar və bir neçə illik mübarizədən sonra ABŞ Konstitusiyasına 19-cu əlavə edilir və Amerika qadınları da səs vermək hüququ əldə edirlər.

Daha sonra bu aksiyaların bütün dünyaya yayılmasına səbəb olacaq bu tarixi hadisəyə işıq tutduğu üçün hər bir azərbaycanlı qadınına bu filmi mütləq izləməyi tövsiyyə edirəm.

O cümlədən həyatını qadın haqqlarının təkmilləşməsinə həsr edən Christabel Pankhurstu da xatırlamaqda yarar var.

Ötən əsrin əvvəllərində İngiltərədə qadınların seçmə ve seçilmə hüququ əldə etməsi üçün kəskin mübarizə aparan, həbs olunmamaq üçün 1912-1913-cü illər arasında bir müddət Parisdə yaşayan xanım Pakhurstun da bioqrafiyası ilə tanış olmaq xanımlar üçün maraqlı olacaq.

Günümüzdə qadın haqqlarıyla bağlı bir sıra müsbət irəliləyişlər olsa da dünyadaki ümumi vəziyyət qənaətbəxş deyil..

Statistika

Dünyada qadına qarşı zorakılıqla bağlı 2007-ci ilə aid statistikanı sizinlə paylaşmaq istəyirəm.

  • Qadına qarşı edilən zorakılıqlara dünyanın bir çox dövlətində cəza verilmir və yaxud verilən cəzalar yetərsizdir.
  • Fahişəlik etməyə məcbur edilən qadınların sayı ildə 700 min ilə 4 milyon arasında dəyişir. Dünyada qadın ticarətindən ildə əldə edilən qazancın 12 milyard dollar olduğu təxmin edilir.
  • Hər il dünyada  qarşı cins tərəfindən döyülən, zorakılığa məruz qalan qadınların yaşları əsasən 15-45 yaşları arasında dəyişir.
  • İl ərzində üç qadından biri döyülür, cinsi istismara məruz qalır.
  • İldə iki milyondan çox qız uşağı məcburi sünnət edilərək analıq rəhminə xəsarət yetirilir. Bu nisbət, hər 15 saniyədə bir qız uşağının sünnət olunması deməkdir.
  • Hər il minlərlə qadın təcavüzə uğrayır. Sistematik təcavüz isə hələ də bir çox müharibə və terror şəraitində istifadə edilən psixoloji silahlardır.  Ruanda soyqırımı (1994) əsnasında 250 min ilə 500 min qadının təcavüzə məruz qaldığı təxmin olunur.
  • Zorakılığa məruz qalan qadınlarda hər il HIV virusu bulaşma riskinin daha yüksək olduğu ortaya çıxmışdır. Dünyada AIDS xəstəliyinə tutulanların əksəriyyətini qadınlar təşkil edir.

Azərbaycanda Qadın

1998-ci ildə Azərbaycanda Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Azərbaycan həm də Avropa Şurasının qadınlarla bağlı bürosunda təmsil olunur, BMT-nin qadın məsələləri üzrə komissiyasının tam hüquqlu üzvüdür.

1995-ci ildə isə ölkəmiz qadınlara qarşı münasibətdə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında beynəlxalq konvensiyaya qoşulub.

Səhiyyədə çalışanların 70, təhsil işçilərinin isə 69 faizi qadınlardan ibarətdir.

Respublikanın 85 rayonundan 2-nin icra başçısı, 22-nin isə icra başçısının müavinlərindən biri, Milli Məclis üzvlərinin 13-ü, iki komitə sədri, ombudsman, iki nazir müavini qadındır.

Ali və apellyasiya məhkəmələrinin sədrləri də yaxın keçmişimizdə zərif cinsin nümayəndəsi olub.

Lakin bütün bunlar Azərbaycanda qadınların hazırkı vəziyyəti ilə bağlı müsbət şeylər deməyə əsas vermir.

 

3-cü dünya ölkələrinin əksəriyyətində olduğu kimi Azərbaycanda da zorakılığa məruz qalan, cinsi istismar edilən qadınların sayı olduqca çoxdur.

Qadın haqqlarının təbliğatına ciddi şəkildə ehtiyac var.

Qadının Dəyəri

Qadın özü bir dəyərdir.

Kişini dəyərli edən də məhz qadındır.

Qadın incə varlıqdır..

Duyğu yüklüdür…

Qadın eyni zamanda anadır…

Bir ailənin təməl daşıdır..

Qadının dəyəri 8 Martda alınan hədiyyə ilə də ölçülməli deyil.

 

 

8 Mart, hər ildə bir gündür..

Qadına bir gün yox, hər gün dəyər verilməlidir..

Bütün qadınlara hörmətlə

 

ps. Bütün xanım oxucularımın 8 Mart bayramını bir daha təbrik edirəm.


By Elnur Majidli

  • email Email to a friend
  • print Print version
  • Plain text Plain text
Rate this article
0
Powered by Vivvo CMS v4.1.5.1