Novruz - və yaxud cücərən ümidlər
Novruz, hər il qeyd etdiyimiz bayramların ən qədimidir.
Bəlkə də bu torpaqlarda qeyd edilən ilk bayramdır.
Əsrlərdir keçmişimizdən bizə qalan son mirasdır..
Bir çox işğallara, qadağalara baxmayaraq bu günə qədər qoruduğumuz bəlkə də yeganə dəyərdir..
Bütün bəşəriyyətin fərqli üslublarla olsa da qeyd etdiyi tək bayramdır…
Novruz bayramı
Yenidən doğuşdur…
Əsarətin bitməsidir.
Xeyrin şərə qalib gəlməsidir..
Baharın qışı üstələməsidir…
Nərgizgülüdür – qarı yarıb günəşə boylanan…
Tez solsa da baharın gələcəyini xəbər salan..
Tumurcuqdur ağacda, çiçək açan…
Cücərən toxumlardır, yerə atılan
Dəyişməkdir hər şeyi…
Boy atmaqdır yüksəklərə doğru
Böyütməkdir hədəfləri,
Sulamaqdır arzuları, istəkləri
Taclandırmaqdır səməni kimi…
Səməni
Hər insanın daxilində bir səməni var…
Yaratdığı xəyallardır toxumları…
Arzulardır onu bəsləyən..
Qış soyuğundan uzaq
İsti yerdə,
Əmin əllərdə,
Gələcəyə səsləyən..
Bir gün gələr taxıl omuşdur
Uşaqlarıdır onun meyvəsi..
Buğda kimi dərilər
Ətrafına tökülər..
Bir gün gələr solmuşdur,
Saralmışdır səməni…
Yumurta döyüşü
Hər il, Novruz bayramında yumurta döyüşdürmək adətdəndir.
Azadlıq radiosunda yaxın zamana qədər təxminən belə bir anket keçirilirdi:
Yumurta döyüşündə keçəl qalib gələcək yoxsa prezident?
Nə fərq edər ki..
Olan yumurtaya olur onsuz da..
Xalq sadəcə ildə bir dəfə görür prezidentin keçəl və kosayla yumurta döyüşdürdüyünü
Prezident isə bəlkə hər gün keçəllərlə, kosalarla yumurta döyüşdürür…
Hələ xoruz döyüşdürməni demirəm..
Toyuğun gələcək balasını əlindər alırsan..
Ərini də döyüşə yollayırsan..
Toyuq qalır dul..
Dul toyuğa edilən ən böyük yaxşılıq isə
Kəsilməsi olur..
Novruz bayramında aş üstünə qoyulur..
Ağzınız sulanmasın,
Bəzən acından da doyulur…
***
Novruz ildə bir dəfə də olsa reallıqları əks etdirən bayramdır.
Çalışaq ki, yumurtanı başımızda qırmasınlar…
Ya da bizi yumurta yerinə qoymasınlar…
Qoyun kimi dərimizi soymasınlar…
Bütün oxucularımın Novruz bayramını təbrik edirəm.:)



del.icio.us
Digg
Facebook
Technorati